“Neftçi” Bojoviçlə ilk sınağında Türkiyə klubuna uduzdu

Türkiyənin Antalya şəhərinin Bələk bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” komandası bu gün ilk yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Miodraq Bojoviçin rəhbərlik etdiyi komanda Türkyənin “Ərzurumspor” komandası ilə qarşılaşıb.

“Ağ-qaralar” “Qloriya Sport Arena”da baş tutan matçın 10-cu dəqiqəsində Rəhman Hacıyevin vurduğu qolla hesabı açsa da, fasilədən sonra qapısından 3 top buraxıb. Rəqibin qollarını Eren Tozlu (58-ci dəqiqədə penaltidən), Məhəmməd Furkan Özhan (76-cı dəqiqə) və Özgür Sərt (79-cu dəqiqə) vurublar.

“Neftçi”yə ötən ilin sonunda baş məşqçi təyin olunmuş Miodraq Bojoviç bu oyunda aşağıdakı heyətə güvənib: 93. Rza Cəfərov, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 7. Azər Əliyev, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 16. Lukas Melano, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 77. Yeqor Boqomolski, 99. Ervin Koffi.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 30. Aqil Məmmədov, 3. Höccət Haqverdi, 10. Filip Ozobiç, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli.

    Xatırladaq ki, “ağ-qaralar”ın yanvarın 14-nə qədər davam edəcək toplanış çərçivəsində daha bir sınaq matçı ayın 13-nə nəzərdə tutulub. Amma həmin sınaq matçındakı rəqib hələ müəyyənləşməyib.