“Neftçi” Harramiz ilə 2 illik müqavilə bağladı – VİDEO

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Neftçi” növbəti transferini rəsmiləşdirib. Arena.az xəbər verir ki, paytaxt klubu Portuqaliya təmsilçisi “Eştoril”in cinah yarımmüdafiəçisi Harramiz Soaresi heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tam adı Harramiz Quita Ferreyra Soares olan futbolçu ilə 2 illik müqavilə bağlanıb.

30 yaşlı futbolçu yeni komandasının heyətində “11” nömrəli formanı geyinəcək.

San-Tome və Prinsipi Demokratik Respublikasından olan Harramiz 2020-ci ildən “Eştoril”də çıxış edir. O, karyerası ərzində “Leyksoeş”, “Mafra”, “Tondela”, “Akademika”, “Kovilya”, “Farense” kimi klublarda, həmçinin “Benfika”nın B komandasında forma geyinib.

Son mövsüm 23 oyunda 4 qol vurduğu “Eştoril”lə Portuqaliya çempionatının 2-ci liqasının çempionu olub. Harramiz 2015-ci ildən San-Tome və Prinsipi milli komandasında 15 oyun keçirib, 2 qola imza atıb.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kollini transfer edib.