“Neftçi” Hondanı Bakıya gətirdi – VİDEO

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Arena.az xəbər verir ki, paytaxt klubu Yaponiya yığmasının sabiq yarımmüdafiəçisi Keysuke Honda ilə razılığa gəlib.

Ulduz futbolçu artıq Bakıdadır. 34 yaşlı yarımmüdafiəçi səhər saatlarında Azərbaycana çatıb.

Paytaxt təmsilçisinin tezliklə təcrübəli oyunçu ilə müqavilə imzalaması gözlənilir. Razılaşmaya əsasən, Honda mövsümün sonuna kimi “Neftçi”nin formasını geyinəcək. “Ağ-qaralar” onun sözləşməsinin müddətini yayda artıra bilər. Yaponiya mətbuatının yazdığına görə, Azərbaycan klubu qarşıdakı üç ay üçün Hondaya 70-80 min dollar ödəyəcək.

Qeyd edək ki, Honda Yaponiya millisinin heyətində 98 matça çıxıb, 37 qola imza atıb. O, karyerası ərzində İtaliyada “Milan”, Niderlandda “Venlo” və “Vitess”, Rusiyada ÇSKA (Moskva), Meksikada “Paçuka”, Avstraliyada “Melburn Viktori”, Braziliyada “Botafoqo” klublarının da uğurları üçün çalışıb.