Bu gün Bakıda Azərbaycan təmsilçisi “Neftçi” ilə Rusiyanın “Spartak” (Moskva) komandası arasında yoxlama oyunu keçiriləcək.
Arena.az xəbər verir ki, sözügedən komandalar “Neftçi Arena”da üz-üzə gələcəklər.
Qarşılaşmaya saat 18:00-da start veriləcək. Oyunu böyük ehtimalla Azərbaycandan olan hakimlər idarə edəcəklər. Amma bu barədə hələ rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, bu komandalar 2023-cü il iyulun 18-də Rusiya paytaxtında da yoxlama oyununda üz-üzə gəlmişdilər. Həmin görüş Rusiya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Qeyd edək ki, Moskva “Spartak”ı Bakıya 18 futbolçu gətirib. Baş məşqçi Gilyermo Abaskal heyətdə 3 qapıçıya, 7 müdafiəçiyə, 7 yarımmüdafiəçiyə və 1 hücumçuya şans verib. Müdafiəçi Aleksis Duarte, yarımmüdafiəçilər Roman Zobnin, Nail Umyarov, Viktor Mozes və Xesus Medina Bakıya gətirilməyiblər:
Qapıçılar: İlya Svinov, Aleksandr Selixov, İlya Tixomirov;
Müdafiəçilər: Daniel Denisov, Georgi Cikiya, Leon Klassen, Pavel Maslov, Tomas Tavares, Nikita Çernov, Dmitri İvanikov;
Yarımmüdafiəçilər: Teo Bonqonda, Mixail İqnatov, Ruslan Litvinov, Yeqor Qulyayev, Maksim Nikiforov, Anton Roşin, İvan Starkov;
Hücumçu: Aleksandr Sobolyov.
Yeri gəlmişkən, “Neftçi” – “Spartak” (Moskva) matçından əvvəl Rusiya paytaxında törədilmiş terror qurbanlarının xatirəsinin anılması gözlənilir. Azərbaycan klubundan “Matç TV”yə verilən məlumata görə, klub tərəfindən oyunun 1 dəqiqəlik sükutla başlaması üçün müəyyən addım atılması nəzərdə tutulur. “Neftçi” hadisəni böyük faciə adlandırıb.
Xatırladaq ki, ötən gecə Moskvadakı “Krokus Siti Holl”da terror aktı törədilib. Son məlumata görə, ölənlərin sayı 82-ə çatıb, 100-dən çox yaralı var.