“Neftçi” Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlığını davam etdirir.
Arena.az xəbər verir ki, “Sabah”la matçdan sonra iki gün istirahət edən “ağ-qaralar” avqustun 23-də məşqlərə başlayıb.
Hazırlıq prosesi “Neftçi Arena”da baş tutur. Həm fiziki, həm də toplu çalışmalardan ibarət olan məşqdə əməliyyatdan sonra bərpa prosesini davam etdirən Emil Balayev və Eddi İsrafilov, eləcə də fərdi məşğul olan Ömər Buludov iştirak etmirlər.
Əvəzində, zədəsini sağaldan Azər Əliyev komanda ilə hazırlaşır.
Qeyd edək ki, avqustun 27-də “Neftçi Arena”da keçiriləcək “Qəbələ” ilə ev oyununa saat 18:30-da start veriləcək.
Yeri gəlmişkən, paytaxt klubunun müdafiəçisi Mark Tamaş Macarıstan milli komandasına dəvət olunub. 29 yaşlı futbolçunun adı AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Serbiya ilə səfər, 10-da isə Çexiya ilə ev matçlarına çağırılan geniş heyətə salınıb.
Qeyd edək ki, Tamaş Macarıstan milli komandasının heyətində 1 oyun keçirib.
Daha öncə “ağ-qaralar”ın legionerlərindən Ataa Caberin Fələstin, Kilan Lebonun isə Sent Martin milli komandasına dəvət aldığı da açıqlanmışdı.