“Neftçi” qrup lideri kimi Azərbaycan Kubokunun yarımfinalında!

Bu gün “Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun 2023/2024 mövsümünün “A” qrupunda son iki oyun keçirilib.

Arena.az xəbər verir ki, günün ilk oyunu “Xırdalan” və “Sumqayıt” komandaları arasında baş tutub.

Bu oyun “Xırdalan”ın 89:83 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandanın ən məhsuldar basketbolçusu Teyvion Körk olub – 20 xal, 5 ribaund. “Sumqayıt”da isə Nəzər Quliyev özündən söz etdirib – 21 xal, 8 ribaund.

Günün ikinci oyununda qrup liderliyi uğrunda “Neftçi” və “Xəzri” komandaları üz-üzə gəliblər. Bu görüşdə “Neftçi” 80:67 hesablı qələbə qazanaraq, “A” qrupunu lider tamamlayıb. Qalib komandanın ən məhsuldar basketbolçusu Kamran Məmmədov olub – 26 xal, 4 ribaund. “Xəzri”də isə Oubri Makalpayn fərqlənib – 26 xal, 5 ribaund.

Qeyd edək ki, Azərbaycan Kubokunun “B” qrupunda yarımfinala vəsiqə qazanacaq sonuncu klubun adına “Sabah” – “NTD-İndiqo” oyunundan sonra aydınlıq gələcək.