“Neftçi” tarixində 200-cü, derbidə 40-cı dəfə uduzdu

Ötən gün Premyer Liqanın 25-ci turu çərçivəsində “Qarabağ”a uduzan “Neftçi” Azərbaycan çempionatlarında 200-cü dəfə məğlub olub.

Arena.az xəbər verir ki, Bakı klubu Ağdam təmsilçisi ilə görüşdən 1:4 hesablı məğlubiyyətlə ayrılıb.

“Ağ-qaralar”ın xal qazanmadığı 200-cü matç ölkə çempionatlarındakı 914-cü qarşılaşmaya təsadüf edib.

“Neftçi”nin ən çox uduzduğu komanda “Qarabağ”dır. Ağdam təmsilçisi Azərbaycan derbilərində 40-cı dəfə “ağ-qaralar”ı xalsız qoyub.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 25 turdan sonra 60 xal toplamış “Qarabağ” vahid liderdir. Bu komandanın ən yaxın izləyicisi “Səbail” 37 xalla 2-cidir. “Neftçi”, “Sumqayıt” və “Zirə” 36 xal toplayıb. “Sabah”ın 34, “Turan Tovuz”un 32, “Araz-Naxçıvan”ın 31, “Kəpəz”in 26, “Qəbələ”nin 15 xalı var.