“Neftçi” Türkiyə toplanışına start verdi, 2024-cü ildə ilk məşqə çıxdı

“Neftçi” 2023/2024 mövsümünün qalan hissəsinə hazırlıq üçün yollandığı Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışına start verib.

Arena.az xəbər verir ki, Belek bölgəsindəki “Gloria Sport Arena”da keçirilən və baş məşqçi Miodraq Bojoviçin rəhbərliyi altında baş tutan 2024-cü ilin ilk məşq günündə bir müddətdir zədəli olan Qara Qarayev və Fərid Yusifli fərdi olaraq hazırlıq keçiblər.

Azərbaycan Premyer Liqasının 18-ci turunda “Kəpəz”lə oyunda zədələnən Reziuan Mirzov hələlik müalicəsini davam etdirir.

Komandanın daha 3 üzvü – Klian Lebon, Andre Şinyaşiki və Yuri Matias isə toplanışın növbəti günlərində komandaya qoşulacaqlar.

Qeyd edək ki, “Neftçi” yanvarın 14-nə qədər davam edəcək toplanış çərçivəsində ilk yoxlama oyununu ayın 6-da Türkiyənin “Ərzurumspor” komandasına qarşı keçirəcək. Yanvarın 13-nə nəzərdə tutulan digər sınaq matçındakı rəqib isə müəyyənləşməyib.