“Neftçi” üçün ilk, tarixdə 7-ci dəfə!

Premyer Liqa təmsilçisi “Neftçi” futbol üzrə Azərbaycan çempionatlarında nadir təsadüf olunan göstəriciyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan Premyer Liqasının 33-cü turunda “Qarabağ”dan 5 qol buraxan Bakı klubu 34-cü turda “Kəpəz”in qapısına eyni sayda qol vurub – 0:5 və 5:1.

Paytaxt təmsilçisi tarixində ilk dəfə 5 və ya daha çox buraxdığı görüşdən sonrakı qarşılaşmada belə məhsuldarlıq göstərir. 1992-ci ildən keçirilən ölkə çempionatlarında 7-ci dəfə belə hadisə yaşanıb.

Buna sonuncu dəfə AZAL nail olub. Paytaxt təmsilçisi 2011/2012 mövsümündə “Neftçi”yə 1:7 hesabı ilə uduzandan sonra “Simurq”a qalib gəlib – 5:1.

“Neftçi” və AZAL-dan başqa daha 3 komanda belə halla üzləşib. “Turan” üç dəfə belə oyunlar ardıcıllığı yaşayıb. Tovuzlular 1997/1998 (“Qarabağ” 1:5, “Kür-Nur” 5:1), 1998/1999 (“Bakı fəhləsi” 1:5, “Şahdağ” 8:0) və 2000/2001 (“Neftçi” 1:5, “Araz-Naxçıvan” 7:2) mövsümlərində iki fərqli matçı sıralayıb.

Sumqayıt “Xəzər”i 1999/2000 (“Şəfa” 0:5, “Neftqaz” 5:0), “Qarabağ” 2001/2002 (“Şəmkir” 1:5, “Şahdağ” 6:0) mövsümlərində 5 və ya daha çox qol buraxdığı görüşdən sonra məhsuldarlıq nümayiş etdirib.