Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Neftçi” növbəti transferini rəsmiləşdirib. Arena.az xəbər verir ki, paytaxt klubu gürcü futbolçu Vato Arveladzeni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. O, yeni komandasının heyətində 18 nömrəli formanı geyinəcək.
Vato Arveladze peşəkar karyerası ərzində Gürcüstanın “Lokomotiv” (Tiflis, 2015-2018, 2020), Polşanın “Korona” (2018-2020) və Türkiyənin “Fatih Karagümrük” (2020-2022) klublarında çıxış edib. Gürcüstanın U-17, U-19 və U-21 (15 oyun, 3 qol) yığma komandalarında da forma geyinmiş futbolçu 2019-cu ildə bu ölkənin əsas millisində 2 oyun keçirib, 1 qol vurub.
Xatırladaq ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – israilli Ataa Caber, İsrail əsilli ABŞ vətəndaşı Kenni Sayef, hücumçular – qanalı Qodsvey Donyo, belaruslu Yeqor Boqomolski və gürcü müdafiəçi Solomon Kvirkveliyanı transfer etmişdi. Paytaxt klubu “Şamaxı”da icarədə olan Rəhman Hacıyevi, həmçinin Latviyanın “Dauqavpils” komandasından Asim Əlizadəni geri qaytarıb. Türkiyənin “Başakşəhər” klubundan isə Mert Çelik yenidən icarəyə götürülüb. Xəyal Nəcəfov və Turan Vəlizadə ilə yeni müqavilə imzalansa da, onlar “Turan Tovuz”a icarəyə göndərilib. Hüqo Basto, Kamran İbrahimov, Emin Zamanov, Ramon Maçado, Tyaqo Bezerra və Fəhmin Muradbəyli isə komandadan ayrılıb.