“Neftçi”də Rəşad Sadıqovla bağlı fikir ayrılığı: Onu kimlər istəmir?

Yayda baş məşqçi Laurentsiu Regekampfla yolları ayırmağı planlaşdıran “Neftçi” rəhbərliyinin əsas hədəfi bu posta Rəşad Sadıqovu gətirməkdir. Lakin klubun əsas sponsoru olan SOCAR rəhbərliyinin bu yöndə verəcəyi qərar da xüsusi əhəmiyyət daşıyacaq.

Arena.az-ın əldə etdiyi məlumata görə, hazırda idarəçilər arasında baş məşqçi postunun məhz Sadıqova tapşırılmasının və 5 illik yeni inkişaf planının bu mütəxəssisin üzərində qurulmasının effekt verəcəyinə inanmayanlar da var.

Başqa sözlə, hələ reallaşmayan təyinət “yuxarılarda” fikir ayrılığına səbəb olub. Bəziləri Sadıqovun müdafiə futboluna üstünlük verdiyini və bu üslubun paytaxt klubunda işə yaramayacağını iddia edir. Digər tərəf isə Sadıqovlu gələcəyin parlaq olacağına əmindir. Sonda seçimin necə olacağı böyük maraqla gözlənilir.

Xatırladaq ki, Rəşad Sadıqov 2020-ci ilin iyul ayından “Zirə”yə rəhbərlik edir. 41 yaşlı mütəxəssis indiyə qədər bu komandanı 97 matça çıxarıb. Zirə təmsilçisi bu görüşlərdə 38 qələbə qazanıb, 33 heç-heçə edib, 27 məğlubiyyətə üzülüb. Sadıqovun “Zirə” ilə müqaviləsinin müddəti məhz bu mövsümün sonuna – 30 iyuna qədərdir.

Laurentsiu Regekampf isə bu mövsümün əvvəlindən “ağ-qaralar”a rəhbərlik edir. 47 yaşlı mütəxəssis bu komandanı 33 matça çıxarıb. Bu görüşlərdə 20 qələbə qazanan paytaxt təmsilçisi 5 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb. Bütövlükdə statistik göstəricilər o qədər pis görünməsə də, Regekampfın mövsümün sonunda göndərilməsi planlaşdırılır. Çünki komandanın çempion olmaq şansı demək olar ki, çox azdır. Lider “Qarabağ”ın üstünlüyü əldən verməsi də inandırıcı görünmür. Amma “Neftçi”nin nəinki çempion, heç ikinci olmaq şansı da çox böyük deyil. “Sabah” bu mövsümü gümüş medallarla başa vurmağa daha yaxındır. Belə olan halda kifayət qədər yüksək məvaciblə “ağ-qaralar”ı çalışdıran rumın məşqçinin saxlanılması inandırıcı görünmür. Müqaviləsinin müddəti 2024-cü ilin 30 iyununa qədər olan Regekampf komandaya hətta Azərbaycan kubokunu da qazandırsa, qalmaq ehtimalı çox azdır.

Xatırladaq ki, “ağ-qaralar” bu mövsüm Premyer Liqada 26 oyuna topladığı 56 xalla üçüncü pillədə qərarlaşıb. “Zirə” isə 37 xalla dördüncüdür.

Xəbəri sosial şəbəkələrdə paylaş: