AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin tərcüməçisi Vüqar Əliyev tərəfindən verilən apellyasiya şikayətini təmin etməyib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, AFFA-nın Apellyasiya Arbitraj Tribunalının 01.06.2023-cü il tarixli qərarında bunlar qeyd olunub:
1. “Neftçi” Peşəkar Futbol Klubunun tərcüməçisi Vüqar Əliyev tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
2. 26.04.2023-cü il tarixində Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Neftçi” – “Turan Tovuz” oyununun 90+8-ci dəqiqəsində “Neftçi”nin tərcüməçisi Vüqar Əliyev qonaq komandanın rəsmi şəxslərinə qarşı qeyri-etik hərəkətlər etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Buna görə onun Azərbaycan kubokunda 5 oyun cəzalanması, klubun 4000 manat cərimə edilməsi (maddə 41.4) barədə İntizam Komitəsinin 3 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.