Türkiyənin “Konyaspor” klubu heyətini 3 yeni futbolçu – Nelson Oliveyra, Luka Prip və Stiven Nzonzi ilə gücləndirib.
Arena.az xəbər verir ki, Super Liqa klubu hər üç futbolçunu azad agent kimi heyətinə qatıb.
Qətərin “Əl-Rayyan” klubundan gələn Nzonzi 1 illik müqaviləyə imza atıb. Yunanıstan PAOK-undan gələn Nelsonla 2 illik sözləşmə imzalanıb. Danimarka “Olborq”undan cəlb edilmiş Prip isə 2+1 illik müqaviləyə razılaşıb.
Nelson Oliveyra 2021-ci ildən formasını geyindiyi PAOK-dan öncə Afina AEK-ində də forma geyinib. 32 yaşlı hücumçu “Benfika”, “Rio Ave”, “Pasuş de Ferreyra”, “Deportivo”, “Renn”, “Suonsi Siti”, “Nottingem Forest”, “Norviç Siti”, “Ridinq” kimi klubların da formasını geyinib. Təcrübəli forvard Portuqaliya yığmasında da 17 oyun keçirib, 2 qol vurub.
Stiven Nzonzi də 2021-ci ildən “Əl-Rayyan”da çıxış edirdi. Fransadan olan dayaq yarımmüdafiəçisi daha öncə Türkiyədə “Qalatasaray”ın da formasını geyinib. 34 yaşlı futbolçu “Amyen”, “Bləkbörn”, “Stok Siti”, “Sevilya”, “Roma”, “Renn” kimi klubların da uğurları üçün çalışıb. O, Fransa yığmasında da 20 oyun keçirib.
Luka Prip 2021-ci ildən formasını geyindiyi “Olborq”a “Horsens”dən keçib. Danimarkadan olan 26 yaşlı futbolçu ölkəsində “Hvidovre”nin də uğurları üçün tərk töküb.
“Konyaspor” iki futbolçusu ilə də yollarını ayırıb. Polşalı sağ cinah vingeri Konrad Mixalak Səudiyyə Ərəbistanının “Ohod” klubuna satılıb. Super Liqa klubu bu satışdan 1,1 milyon avro qazanıb.
Konrad Mixalak 2021-ci ildən “Konyaspor”da çıxış edirdi. 25 yaşlı futbolçu Türkiyədə “Ankaragücü” və “Rizəspor”da da forma geyinib. O, “Axmat”, “Lexiya” (Qdansk), “Visla” (Plotsk), “Zaqlembe”, “Legiya” (Varşava) kimi klublarda da oynayıb.
“Konyaspor” elə bu yay heyətinə qatdığı fransız yarımmüdafiəçi Morqan Şnederlenlə də vidalaşıb. Buna futbolçunun ailəvi problemlərlə əlaqədar Türkiyədə qalmaq istəməməsi səbəb göstərilib. Halbuki, Fransanın “Nitsa” klubundan azad agent kimi ayrılmış 33 yaşlı futbolçu Super Liqa təmsilçisi ilə 2 illik müqavilə bağlamışdı.
Şnederlen daha öncə “Strasburq”, “Sauthempton”, “Mançester Yunayted”, “Everton” kimi klublarda forma geyinib. O, ötən mövsümü Avstraliyanın “Vestern Sidney Uonderers” klubunda icarədə keçirib, Fransa yığmasında 15 oyuna çıxıb.