Nemanya Andelkoviç “Zirə”dən getdi

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə”nin serbiyalı mərkəz müdafiəçisi Nemanya Andelkoviç bu klubdan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Serbiyadan olan 25 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Onun zirəlilərlə müqaviləsinin müddəti 2023-cü ilin 30 iyununa qədər idi.

“Zirə” Nemanya Andelkoviçə göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Nemanya Andelkoviç 2021-ci ilin yanvarından “Zirə”nin uğurları üçün çalışırdı. O, bu komandanın heyətində meydana çıxdığı 54 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçi daha öncə “Zlatibor”, “Pivara”, “Javor-Matis”, “Metalak” və “Radnik” kimi klublarda da çıxış edib.