Nemanya Radonyiç və Darko Braşanaç klublarını dəyişdilər

Futbol üzrə Serbiya millisinin və İtaliyanın “Torino” klubunun sol cinah vingeri Nemanya Radonyiç “Malyorka”ya keçib.

Arena.az xəbər verir ki, İspaniya klubu 27 yaşlı futbolçunu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.

Nemanya Radonyiç Serbiyanın “Partizan” klubunun yetirməsidir. O, Georgi Haci adına akademiyada, “Roma” və “Empoli”nin U-19 komandalarında da oynayıb. Peşəkar karyerası ərzində “Çukariçki”, “Srvena Zvezda”, “Olimpik” (Marsel), “Herta”, “Benfika” kimi klublarda da oynamış serb vinger “Torino”da 41 oyuna 7 qol vurub, 4 assistlə yadda qalıb. O, 2017-ci ildən oynadığı Serbiya yığmasında da 44 oyun keçirib, 5 assist edib.

Radonyiçin gəlişi ilə “Malyorka” öz sol cinah yarımmüdafiəçisi Brayan Kufre ilə yollarını ayırıb. Argentinadan olan 27 yaşlı futbolçu azad agent statusu ilə hazırda özünə yeni klub axtarışındadır. O, La Liqa klubunun heyətində 39 oyuna 1 qol vurub, 3 assistlə yadda qalıb. Kufre “Veles Sarsfild”, “Nyu York Siti” və “Malaqa”nın da formasını geyinib.

La Liqa təmsilçisi digər sol cinah vingeri – Amat Ndiayeni, həmçinin hücumameyilli yarımmüdafiəçisi Daniel Lunanı da icarəyə göndərib. Ndiaye bu mövsümün sonuna kimi “Valyadolid”də, Luna isə “Mirandes”də icarədə olacaq.

Madrid “Atletiko”sunun yetirməsi olan Amat Ndiyae “Tenerife”, “Xetafe” kimi klublarda oynayıb. Seneqaldan olan 27 vinger 2020-ci ildən formasını geyindiyi “Malyorka”da 102 oyuna 11 qol vurub, 3 qol ötürməsi verib. O, Seneqal yığmasında da 4 oyun keçirib.

Kolumbiyadan olan Daniel Luna isə ölkəsinin “Deportivo Kali” klubunun yetirməsidir. 20 yaşlı futbolçu 2023-cü ildən formasını geyindiyi “Malyorka”nın əsas komandasında cəmi 2 matça çıxıb.

“Malyorka” “Osasuna”nın sağ cinah müdafiəçisi Naço Vidalı da icarəyə götürüb. 29 yaşlı ispan futbolçu bu mövsümün sonuna kimi bu klubun uğurları üçün çalışacaq. “Valensiya”nın yetirməsi olan müdafiəçi 2018-ci ildən formasını geyindiyi “Osasuna”da 175 oyuna 3 qol vurub, 6 assist edib.

Darko Braşanaç “Osasuna”dan ayrıldı

“Osasuna” digər sağ cinah müdafiəçisi Dieqo Morenonu da “Kartaxena”ya icarəyə verib. Mövsümün əvvəlini “Mirandes”də icarədə keçirmiş 22 yaşlı futboçu cari mövsümün ikinci dövrəsinin sonuna kimi “Kartaxena”da çıxış edəcək. “Osasuna”nın öz yetirməsi olan futbolçu bu klubun əsas komandasında 14 oyuna çıxıb.

Serbiyadan olan 31 yaşlı mərkəz yarımmüdafiəçisi Darko Braşanaç isə “Osasuna”dan birdəfəlik ayrılaraq “Leqanes”ə keçib. O, yeni klubu ilə bu mövsümün sonuna kimi müqavilə bağlayıb. “Partizan”, “Leqanes”, “Smederevo”, “Alaves” və “Betis”də də oynamış Braşanaç “Osasuna”da 121 oyuna çıxıb, 6 qol və 4 assistlə yadda qalıb. O, Serbiya yığmasında da 3 oyun keçirib.