“Neqreyra işi”: La Liqanın sabiq hakimləri inkar edirlər

İspaniya futbolunda “Barselona”nın adının hallandığı qalmaqallı “Neqreyra işi” ilə bağlı araşdırmalar davam etməkdədir.

Arena.az “La Vanguardia” dərgisinə istinadən məlumat verir ki, La Liqada xidmət göstərmiş bir neçə hakim İspaniya Mülki Qvardiyasında sorğu-sual edilib.

Onların hər biri İspaniya Kral Futbol Federasiyasının (RFEF) Hakimlər Komissiyasının sabiq vitse-prezidenti Xose Neqreyranın onlara “Barselona”nın xeyrinə qərar vermək üçün təzyiq göstərmədiyini bildirib.

Vurğulanır ki, ispan məşhur keçmiş referi Mateu Laos Neqreyranın hakimlərə təzyiq etməklə La Liqada rəqabətə təsir göstərməsinin mümkünsüz olduğunu bildirib.

Keçmiş hakim İturralde Qonsales də “blauqrana”nın oyunlarda əldə etdiyi nəticələrində Neqreyranın müvafiq ittiham üzrə təqsirsiz olduğunu təsdiqləyib. Onun fikrincə, “Barselona”nın keçmiş məmura ödənişləri son nəticədə Kataloniya klubunun rəhbərlərinin özünü zənginləşdirmək məqsədi daşıyır.

Hakim Nunyes Fernandes deyib ki, “peşəkar hakimi yarışı məhv etməyə inandırmaq çox çətindir”.

Xatırladaq ki, “Barselona” La Liqa hakimlərini Kataloniya nəhənginin xeyrinə qərarlar verməyə sövq etmək üçün Neqreyraya bir neçə il pul ödəməkdə ittiham edilir. Bu ittihamlara cavab olaraq kataloniyalılar bildiriblər ki, Neqreyra onlar üçün yalnız gənc ispan oyunçularına və hakimliyin bəzi baxışlarına aid texniki hesabatlar tərtib edib.

Hazırda “Neqreyra işi” ilə bağlı araşdırmalar davam edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: