Kataloniyanın futbol nəhəngi “Barselona”nın rəsmən rüşvətxorluqda ittiham edildiyi “Neqreyra işi” üzrə məhkəmə prosesi davam edir.
Arena.az AS dərgisinə istinadən məlumat verir ki, Xose Neqreyranın işi ilə məşğul olan hakim Xoakin Agirre İspaniya Kral Futbol Federasiyasının Hakimlər Komissiyasının keçmiş vitse-prezidentini təqsirləndirilən şəxs qismində ifadə verməyə çağırıb.
Vurğulanır ki, Neqreyra səhhətində bəzi fəsadlar olmasına rəğmən ifadə verə biləcək iqtidardadır.
Xatırladaq ki, daha əvvəl, Xoakin Agirrenin, sübut olmaması səbəbindən “Barselona”ya qarşı idman korrupsiyası ilə bağlı istintaqı başa çatdırmaq qərarına gəldiyi barədə məlumat yayılmışdı.
“Barselona” La Liqa hakimlərini “blauqrana”nın xeyrinə qərarlar verməyə sövq etmək üçün Neqreyraya bir neçə il pul ödəməkdə ittiham edilir. Bu ittihamlara cavab olaraq kataloniyalılar bildiriblər ki, Neqreyra onlar üçün yalnız gənc ispan oyunçular üzrə və hakimliyin bəzi baxışlarına aid texniki hesabatlar tərtib edib.
Vurğulayaq ki, bu iş uzanır. Neqreyranın özü də daxil olmaqla, bir çox möhtərəm başlar özlərini “xəstəliyə” vuraraq, məhkəmədən sapınmağa çalışırlar.
“Neqreyra işi” ilə bağlı ittihamların sübuta yetiriləcəyi halda çox “papaqların boş qalacağı” təxmin edilir. “Barselona”nın isə təqsiri sübuta yetiriləcəyi halda, bu müddət ərzindən qazandığı qənimətlərdən məhrum edilmək ehtimalı var. Həmçinin “Barselona”nın klub olaraq fəaliyyətinə xitam verilə bilər.


