Fransanın “Lans” klubunun mərakeşli mərkəz yarımmüdafiəçisi Neyl Əl-Aynaui bundan sonra “Roma”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
“Canavarlar” bu transferi 23,5 milyon avroya rəsmiləşdiriblər. 24 yaşlı yarımmüdafiəçi ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.
Neyl Əl-Aynaui Fransanın “Nansi” klubunun yetirməsidir. “Lans” onu 2023-cü ilin yayında cəmi 600 min avro müqabilində heyətinə qatmışdı. Yarımmüdafiəçi Liqa 1 təmsilçisinin əsas komandasında keçirdiyi 56 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.
Əl-Aynaui Mərakeşin U-23 yığmasında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 24 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.



