Neymar “Əl-Hilal”ın baş məşqçisini qovmağı tələb edib?

“Əl-Hilal”ın braziliyalı hücumçusu Neymar yeni komandasının baş məşqçisi Jorje Jezusla münasibətdə xoşagəlməz davranış nümayiş etdirib.

Arena.az xəbər verir ki, belə bir iddia ilə “Mundo Deportivo” çıxış edib.

Nəşrin iddiasına görə, “Əl-Hilal”ın Asiya Çempionlar Liqası çərçivəsində Özbəkistan “Navbahor”u ilə oyunundan (1:1) sonra ulduz futbolçu klub rəhbərliyindən portuqal mütəxəssisin istefaya göndərilməsini tələb edib. Münaqişə braziliyalı futbolçu üçün “Navbahor”la uğursuz oyundan sonra baş verib. Oyun məqamlarının birində hücumçu yıxıldıqdan sonra rəqib oyunçunu itələyərək topla ona zərbə endirib. Paltardəyişmə otağında baş məşqçi Jezuş onu müvafiq davranışına görə tənqid edib. Bu məqam ulduz hücumçunun xoşuna gəlməyib və o, rəhbərlikdən baş məşqçinin istefasını tələb edib.

Vurğulanır ki, bu hadisənin ertəsi günü “Əl-Hilal” rəhbərliyi baş məşqçi Jezuşla görüşərək, komandanın məhsuldarlığının yaxşılaşmayacağı halda, portuqal mütəxəssislə müqaviləyə xitam verilə biləcəyi barədə ona xəbərdarlıq edib.

Neymarın özü müvafiq məsələni bir qədər gecikmə ilə də olsa, cavablayıb. Braziliyalı futbolçu guya baş məşqçisi Jorje Jezuşla münaqişəsi haqda şayiələri təkziblə öz sosial şəbəkə hesabları üzərəindən yazıb:

“Yalan… siz hamınız belə şeylərə, müvafiq səhifələrə inanmağı dayandırmalısınız… Milyonlarla abunəçinizlə siz saxta xəbərlər dərc etməyə davam edə bilməzsiniz! Hörmətlə, buna son qoymağınızı xahiş edirəm. Bu, böyük hörmətsizlikdir”.

Xatırladaq ki, braziliyalı futbolçu cari ilin yay transfer pəncərəsində PSJ-dən “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan bir il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib və bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.

Braziliyalı ulduz geridə qalmış 2022/2023 mövsümündə mütəmadi olaraq zədələrdən əziyyət çəkməsinə rəğmən, PSJ-nin heyətində 29 oyuna çıxıb, 18 qol vurub, 17 məhsuldar ötürmə verib və parislilərlə Fransa çempionatını qazanıb.

Cari mövsümdə o, “Əh-Hilal”ın heyətində 3 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 126 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: