“Əl-Hilal”ın braziliyalı ulduz hücumçusu Neymar keçmiş klubu “Barselona” ilə “Real” arasında necə seçim etməsi haqda xatirəsini paylaşıb.
Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, braziliyalı ulduzun bu barədə xatirəsini təqdim edir:
“Mən “Real” əvəzinə “Barselona”nı seçdiyimə görə peşman deyiləm. Ürəyimin çağırışı ilə ora getmişdim. Əlbəttə, mən Messi ilə oynamaq istəyirdim! “Barsa” mənim sevdiyim komanda idi. Mən həmişə onu izləmişəm, Ronaldinyonun dövründən bəri həmişə demişəm: “Mən orada oynamaq istəyirəm”. Elə, belə də oldu.
Bu, gərgin günlər idi. İki-üç gün heç məşq etmədim, sadəcə olaraq bu məsələni həll etmək üçün evdən ofisə get-gəldə idim. Bir tərəfdən “Real”ın nümayəndələri, digər tərəfdən “Barselona”nın nümayəndələri mənə zəng edirdilər. Hər iki prezident mənimlə danışmışdı. Düzgün düşünə bilmirdim. Özümün hər iki klubda oynadığını təsəvvür edirdim… Amma sonra ürəyim daha yüksək səslə danışmağa başladı. Sonda “Barselona”nı seçdim”, deyə “Ney” məmnuniyyətlə bildirib.
Neymar “Santos”un məzunudur. “Ney” 2009-2013-cü illərdə “balıqlar”ın əsas komandasında çıxış edib. Bu müddət ərzində Neymar “Santos”un heyətində 225 oyuna çıxıb, 136 qol və 64 məhsuldar ötürmə ilə fərqlənib.
Neymar 2013-2017-ci illər aralığında “Barselona”da çıxış edib və “blauqrana”nı öz istəyi ilə tərk edərək, PSJ-yə keçib. Bu, hələ də futbol tarixini ən bahalı keçidi olaraq qalmaqdadır – 222 milyon avro məbləğində əməliyyat.
“Ney” “blauqrana”nın heyətində 186 oyuna çıxıb, 105 qol vurub, 76 məhsuldar ötürmə verib. Braziliyalı ulduz “Barselona” ilə İspaniya La Liqasının (2 dəfə), İspaniya Kubokunun (3 dəfə), İspaniya Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.
Avropada debütü “Barselona” ilə başlamış Neymar PSJ-də də 6 il keçirdikdən sonra 2023-cü ilin yayında “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib.
Təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda cəmi 7 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.