Fransa çempionu PSJ-nin və Braziliya milli komandasının ulduz hücumçusu Neymar “Barselona”ya qayıtmaq istəyir.
Arena.az bu barədə “Sport” dərgisinə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, 31 yaşlı futbolçu Kataloniya klubunda oynamaq istəyini agenti vasitəsilə açıqlayıb.
Amma Neymarın bu komandaya qoşulmasının çox çətin olacağı vurğulanır. “Barselona”nın baş məşqçisi Xavi ilk növbədə digər mövqelərin gücləndirilməsinin gərək olduğunu düşündüyündən, bu transferi zəruri hesab etmir.
Daha əvvəl mətbuatda Neymarın PSJ tərəfindən transferə çıxarıldığı və bir neçə Premyer Liqa klubunun onunla maraqlandığı barədə məlumatlar yayılmışdı.
Neymar 2017-ci ildən PSJ-də çıxış edir. Hücumçunun klubla müqaviləsi 2025-ci ilə qədər qüvvədədir.
Braziliyalı futbolçu 2022/2023 mövsümündə PSJ-nin heyətində 29 oyuna çıxıb. O, bu oyunlarda 18 qol vurub, 17 məhsuldar ötürmə edib. Hücumçu mövsümün əksər hissəsini zədələrdən əziyyət çəkib.
“Transfermarkt” internet-portalı Neymarı 70 milyon avro məbləğində qiymətləndirir.