Neymar bir ildən sonra ilk dəfə oyunun iştirak ərizəsinə salındı

“Əl-Hilal”ın braziliyalı ulduz hücumçusu Neymar zədədən sonra yenidən böyük futbol meydanlarına qayıtmağa çox yaxındır.

Arena.az klubun mətbuat xidmətinə istinadən məlumat verir ki, “Ney” Asiya Çempionlar Liqasının “Əl-Ayn”la (Birləşmiş Ərəb Əmirlikləri) oyunu üçün “Əl-Hilal”ın iştirak ərizəsinə salınıb.

Asiya Çempionlar Liqasının Qərb bölgəsinin 3-cü turu çərçivəsində “Əl-Ayn” – “Əl-Hilal” oyunu oktyabrın 21-də baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Braziliyalı futbolçu özü də sıraya dönüşü ilə bağlı yayımlanmış videoçarxda bu barədə məlumatı təsdiqləyib:

“Kimsə geri qayıtdı. Mən hazıram. Bilirəm ki, həyəcanlısınız. Elə, mən də. Oktyabrın 21-də qayıdacağam”, deyə “Ney” vəd verib.

Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə almış və bu səbəblə cərrahi əməliyyat edilmişdi. O vaxtdan bəri Neymar son bir ərzində çətin bərpa mərhələsindən keçib.

Neymar “Santos”un yetirməsidir. Avropada debütü “Barselona” ilə başlamış Neymar daha sonra Kataloniya klubunu öz isətəyi ilə tərk edib. 2023-cü ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra Neymar “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən dəfələrlə bahadır.

Artıq geridə qalmış mövsümdə təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda cəmi 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı ulduz hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.