Neymar: “Messi ilə yenidən birgə oynayacağama ümidvaram”

“Əl-Hilal”ın braziliyalı ulduzu, hücumçu Neymar “İnter Mayami”nin argentinalı ulduz hücumçusu Lionel Messi haqda danışıb.

Arena.az “Ole” dərgisinə istinadən məlumat verir ki, “Ney” “Leo” ilə yenidən eyni komandada oynamaq arzusundadır:

“Ümid edirəm ki, yenidən birlikdə oynayacağıq. Messi böyük futbolçudur, bunu hamı yaxşı bilir. Düşünürəm ki, o, Mayamidəki hər şeydən razıdır. “Leo” xoşbəxtdirsə, mən də xoşbəxtəm”, deyə braziliyalı ulduz vurğulayıb.

Neymar ötən ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.

Cari mövsümdə təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı braziliyalı vingerin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) aldığı ağır zədədən sonra futbola qayıtmağa hazırlaşır. Cərrahi əməliyyatdan uğurla çıxmış futbolçu hazırda çətin bərpa prosesi keçir və artıq məlum olduğu kimi, meydana qayıtmaq yolunda ilk addımını atıb.