Neymar yaşıl meydana qayıtdı, geri-dönüşünü şərh etdi

Asiya Çempionlar Liqasının “Əl-Ayn”la (BƏƏ) 3-cü tur səfər oyunu (5:4) “Əl-Hilal”ın braziliyalı ulduz hücumçusu Neymar üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, aldığı ağır zədə səbəbilə bir ildən çox yaşı meydanlarda topa həsrət qalmış “Ney”, bu oyunda böyük futbola qayıdıb.

Neymar oyunun 77-də dəqiqəsində əvəzetmədən meydana daxil olub. Braziliyalı ulduz sona qədər oynayıb, amma məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Oyundan sonra Neymar qayıdışı münasibətilə özünün sosial şəbəkə hesablarından biri üzərindən ürək sözlərini paylaşıb:

“Bu hissi yenidən yaşadığım üçün şadam. Tanrının xeyir-duası üzərimizə olsun və bizi qorusun!” – “Ney” paylaşıb.

Xatırladaq ki, braziliyalı futbolçu ötən il, 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə alaraq, dizinin çarpaz bağlarını yırtmış və bu səbəblə cərrahi əməliyyat edilmişdi.

Neymar “Santos”un yetirməsidir. Avropada debütü “Barselona” ilə başlamış Neymar daha sonra Kataloniya klubunu öz isətəyi ilə tərk edib. 2023-cü ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra Neymar “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən dəfələrlə bahadır.

Artıq geridə qalmış mövsümdə təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda cəmi 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı ulduz hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: