“Əl-Hilal”ın braziliyalı ulduzu, hücumçu Neymar zədədən sonra ilk dəfə klubun binasındakı trenajor zalında məşqlərə başlayıb.
Arena.az bu barədə “Əl-Hilal”ın mətbuat xidmətinə istinadən məlumat verir.
Braziliya ulduz xüsusi proqram üzrə məşq edir. Zədə səbəbilə fiziki fəallığı azalmış Neymarın qarşısında tədricən fiziki formasının bərpası və ardınca komanda ilə məşqlərə başlamaq tapşırığı qoyulub.
Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə almışdı. Cərrahi əməliyyatdan uğurla çıxmış futbolçu hazırda çətin bərpa prosesi keçir və artıq məlum olduğu kimi, meydana qayıtmaq yolunda ilk addımını atıb.
Neymar ötən ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.
Cari mövsümdə təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.
Xatırladaq ki, braziliyalı futbolçu daha öncə PSJ-dən başqa “Barselona” və “Santos”un da şərəfini qoruyub.
“Transfermarkt” internet-portalı 31 yaşlı braziliyalı vingerin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.