“Əl-Hilal”ın ulduz hücumçusu Neymar onu bir il müddətində futbolsuz qoymuş ağır zədəsi haqda danışarkən, ağlayıb.
Arena.az xatırladır ki, braziliyalı futbolçu ötən il, 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə alaraq, dizinin çarpaz bağlarını yırtmış və bu səbəblə cərrahi əməliyyat edilmişdi.
O vaxtdan bəri hücumçu son bir il ərzində çətin bərpa mərhələsindən keçib.
“Mən həyatda hər şeydən çox futbol oynamağı sevirəm. Onu oynamadan ötən hər gün – əzəblar günüdür”, – “Ney” videoçarxda bildirib.
Xatırldaq ki, bu gün, oktyabrın 21-də Asiya Çempionlar Liqasının Qərb bölgəsinin 3-cü turu çərçivəsində “Əl-Ayn” – “Əl-Hilal” oyununda Neymarın böyük futbola qayıdacağı gözlənilir.
Neymar “Santos”un yetirməsidir. Avropada debütü “Barselona” ilə başlamış Neymar daha sonra Kataloniya klubunu öz isətəyi ilə tərk edib. 2023-cü ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra Neymar “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən dəfələrlə bahadır.
Artıq geridə qalmış mövsümdə təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda cəmi 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı ulduz hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.