Neytan Cons qovuldu – “Qarabag”ın sabiq məşqçisi üçün yeni fürsət

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Sauthempton” klubu əsas komandanın baş məşqçisi Neytan Cons ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin rəsmi saytı məlumat yayıb.

49 yaşlı mütəxəssislə müqaviləyə xitam verilib. Consla yanaşı, onun köməkçiləri Kris Koen və Alan Şihan da klubdan göndərilib. Komanda müvəqqəti olaraq daha əvvəl Azərbaycanda da işləmiş ispaniyalı Ruben Sellesə tapşırılıb. Komandanı qarşıdakı “Çelsi” ilə oyuna məhz Sellesin hazırlayacağı diqqətə çatdırılıb. 39 yaşlı Selles 2022-ci ildə də bir müddət Premyer Liqa təmsilçisinə rəhbərlik etmişdi.

Ruben Selles 2012-2014-cü illərdə “Neftçi”də, 2015-2017-ci illərdə isə “Qarabağ”da baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirib. O, hazırda “Sauthempton”un əvəzedici komandasına rəhbərlik edir.

Xatırladaq ki, Neytan Cons 2022-ci ilin noyabr ayında “Sauthempton”a baş məşqçi təyin olunmuşdu. O, bu komandanı cəmi 14 oyuna çıxarıb. “Sauthempton” bu görüşlərdə 5 qələbə qazanıb, 9 məğlubiyyətə üzülüb. Komanda İngiltərə Premyer Liqasında 22 turdan sonra cəmi 15 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb. Cons daha öncə “Luton Taun” və “Stok Siti”də də baş məşqçi kimi çalışıb.