Azərbaycanı İddiaçılar Turnirində təmsil edəcək Nicat Abbasov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinq siyahısını tərk edib.
Arena.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) növbəti reytinq siyahısını açıqlayıb.
Ötən ayla müqayisədə iki pillə irəliləyən Şəhriyar Məmmədyarov (2733) 17-ci sıraya yüksəlib. Üç mövqe geriləyən Teymur Rəcəbov (2723) 28-ci ola bilib. Rauf Məmmədov (2651) 85-ci yerdə qalıb. İddiaçılar Turnirində iştirak edəcək Nicat Abbasov isə “100-lük”dən kənardadır.
Siyahıya norveçli Maqnus Karlsen (2830) liderlik edir. Amerika Birləşmiş Ştatlarından olan Fabiano Karuana (2803) və bu ölkənin digər təmsilçisi Hikaru Nakamura (2789) “üçlüy”ü qapayır.
Xatırladaq ki, Abbasov bu ay Kanadanın Toronto şəhərində keçiriləcək şahmat üzrə İddiaçılar Turnirində mübarizə aparacaq. Artıq Nicatın bu yarışdakı ilk rəqibi də məlumdur. Azərbaycanlı qrosmeyster ilk turda rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gələcək. 28 yaşlı qrossmeyster ikinci turda ABŞ təmsilçilərindən Fabiano Karuana ilə görüşəcək. Abbasov üçüncü turda bu ölkənin digər şahmatçısı Hikaru Nakamura ilə, dördüncü turda fransalı Əlireza Firuzca, beşinci turda hindistanlı Dommaracu Qukeş, altıncı turda Qukeşin həmyerlisi Rameşbabu Praqnanandha, yeddinci turda digər hindistanlı Santoş Viditlə görüşəcək. Abbasov ikinci dövrədə, 8-14-cü turlarda eyni ardıcılıqla görüşlər keçirəcək.
İddiaçılar Turniri aprelin 2-25-i aralığında reallaşacaq.
Qadın qrossmeysterlərdən Günay Məmməzadə (2436) 34-cü, Gövhər Beydullayeva (2402) 46-cıdır. Bundan əlavə, Ülviyyə Fətəliyeva (2377) 72-ci, Xanım Balacayeva (2371) 77-ci, Gülnar Məmmədova (2352) 99-cu pillədə qərarlaşıblar.
Siyahıya çinli Yifan Hou (2632) başçılıq edir. İkinci pillədə Venjun Ju (Çin, 2559), üçüncü sırada Aleksandra Qoryaçkina (FIDE, 2553) yer alıb.