Azərbaycan şahmatçısı Nicat Abbasov İddiaçılar Turnirində iştirakı ilə bağlı və hədəfləri barədə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, 28 yaşlı qrossmeyster “chess.com” saytına müsahibəsində bu yarışdakı məqsədinin ilk növbədə şahmatdan həzz almaq və bacardığı qədər yaxşı çıxış etmək olduğunu söyləyib:
“Bu, mənim üçün ömürlük şansdır. Başqa belə imkanın olub-olmayacağından əmin deyiləm. Hər şeyi düzgün etmək istəyirəm. Nə qədər çox xal qazansam, bu, tarixdə qalacaq. Aydındır ki, reytinqdə rəqiblərdən geri qalıram, amma ümidvaram ki, bunun əksini sübut edəcəyəm”.
Nicat Abbasov norveçli Maqnus Karlsenin turnirdən imtinası sayəsində iştirak hüququ qazanmasına da toxunub: “Maqnus Karlsenin sayəsində bu şansı əldə etdim. Bütün bu müddət ərzində məndə bəzi şübhələr var idi. Bəlkə o, fikrini dəyişəcək? Ardıcıl bir neçə yarışda yaxşı oynamağa başlamışdı. Fikirləşirdim ki, bəlkə Karlsen titulu qoruyub saxlamağa çalışar. Onun qərarını da anlayıram. Bu, çox zehni hazırlıq tələb edir və sadəcə, yorucudur. Hazırda Maqnusun daha çox sərbəstliyi var. Şahmat üzərində çox işləyir. Lakin dünya çempionatı və İddiaçılar Turnirinə hazırlıq bir az fərqli və daha çox enerji deməkdir. Məncə, o, sadəcə, şahmatdan həzz almaq istəyir”.
Abbasovun sözlərinə görə, 15 yaşında qrossmeyster olduqdan sonra hədəfləri yüksək olub, lakin sonradan İddiaçılar Turnirində oynamağı fikirləşmədiyini etiraf edib: “Budəfəki yarış məni hədəflərimə yenidən baxmağa vadar etdi. İndi böyük uğurlar qazanacağıma ümid edirəm”.
Xatırladaq ki, İddiaçılar Turniri aprelin 2-dən 25-nə qədər Kanadanın Toronto şəhərində keçiriləcək.