Azərbaycan şahmatçısı Nicat Abbasov Kanadanın Toronto şəhərində təşkil olunmuş İddiaçılar Turnirində növbəti görüşünə çıxıb.
Arena.az xəbər verir ki, 9-cu turda azərbaycanlı qrossmeyster ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşıb.
Ağ fiqurlarla mübarizə aparan Nicat bu rəqibi ilə heç-heçəyə razılaşıb. Şahmatçımız ilk dövrədə Karuanaya məğlub olmuşdu.
9-cu turun digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:
Santoş Qucrati Vidit (Hindistan) – Hikaru Nakamura (ABŞ) 1:0
Dommaracu Qukeş (Hindistan) – Rameşbabu Praqnanandha (Hindistan) 0,5:0,5
Əlireza Firuzca (Fransa) – Yan Nepomnyaşi (FİDE) 0,5:0,5
9 turdan sonra hesabında 3 xal olan Abbasov sonuncu pillədə qərarlaşıb. Digər şahmatçıların turnir cədvəlindəki mövqeyi belədir:
Yan Nepomnyaşi, Dommaracu Qukeş – 5,5. Rameşbabu Praqnanandha – 5. Hikaru Nakamura, Fabiano Karuana, Santoş Qucrati Vidit – 4,5. Əlireza Firuzca – 3,5. Nicat Abbasov – 3.
Xatırladaq ki, Nicat daha öncə Yan Nepomnyaşi (iki dəfə), Hikaru Nakamura (ABŞ), Əlireza Firuzca (Fransa) və Santoş Viditlə (Hindistan) də heç-heçə etmişdi. Qələbəsi olmayan şahmatçımız Fabiano Karuana (ABŞ), Dommaracu Qukeş (Hindistan) və Rameşbabu Praqnanandhaya (Hindistan) da məğlub olub.
Şahmatçımız növbəti görüşünü bu gün ABŞ təmsilçisi Hikaru Nakamuraya qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan hazırkı dünya çempionu Dinq Lirenlə (ÇiN) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.
Turnirin ümumi mükafat fondu 500 000 avro (təxminən 930 000 manat) təşkil edir. Müsabiqənin qalibi 48 000 avro (təxminən 90 000 manat) qazanacaq.