Nicat Abbasov Fransa şahmatçısı ilə heç-heçə etdi

Azərbaycan şahmatçısı Nicat Abbasov Kanadanın Toronto şəhərində təşkil olunmuş İddiaçılar Turnirində növbəti görüşünə çıxıb.

Arena.az xəbər verir ki, 28 yaşlı qrossmeyster 4-cü turda Fransa təmsilçisi Əlireza Firuzca ilə üz-üzə gəlib.

Ağ fiqurlarla oynayan Abbasov rəqibi ilə heç-heçə edib – 0,5:0,5.

4-cü turun digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:

Hikaru Nakamura (ABŞ) – Rameşbabu Praqnanandha (Hindistan) 0,5:0,5
Yan Nepomnyaşi (FIDE) – Vidit Qucrati (Hindistan) 1:0
Fabiano Karuana (ABŞ) – Qukeş Dommaraju (Hindistan) 0,5:0,5

Dörd turdan sonra rusiyalı Yan Nepomnyaşi (FIDE) 3 xalla liderdir. Fabiano Karuana və Dommaraju Qukeş 2,5 xalla 2-3-cü yerləri bölüşürlər. Praqnanandha 2 xalla 4-cüdür. Nicat isə hazırda 1,5 xalla 4-8-ci yerləri bölüşdürür. Nakamura, Firuzca və Qucrati də azərbaycanlı şahmatçı ilə eyni xala malikdir.

Xatırladaq ki, Nicat Abbasov ilk turda ağ fiqurlarla Yan Nepomnyaşi ilə qarşılaşmış və heç-heçə etmişdi. Azərbaycan təmsilçisi 2-ci turda Fabiano Karuanaya uduzsa da, ötən tur Hikaru Nakamura (ABŞ) ilə heç-heçəyə razılaşmışdı.

Nicat növbəti turda Dommaraju Qukeşlə qarşılaşacaq.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan hazırkı dünya çempionu Dinq Lirenlə (ÇiN) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Turnirin ümumi mükafat fondu 500 000 avro (təxminən 930 000 manat) təşkil edir. Müsabiqənin qalibi 48 000 avro (təxminən 90 000 manat) qazanacaq.