Azərbaycan şahmatçısı Nicat Abbasov Kanadanın Toronto şəhərində təşkil olunmuş İddiaçılar Turnirində sonuncu görüşünü keçirib.
Arena.az xəbər verir ki, 14-cü turda azərbaycanlı qrossmeyster Hindistan təmsilçisi Rameşbabu Praqnanandha ilə qarşılaşıb.
Nicat ilk dövrədə məğlub olduğu bu rəqibinə yenə uduzub. 28 yaşlı qrossmeysterimizə ağ fiqurlarla oynaması da kömək etməyib.
14-cü turun digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:
Hikaru Nakamura (ABŞ) – Dommaracu Qukeş (Hindistan) 0,5:0,5
Fabiano Karuana (ABŞ) – Yan Nepomnyaşi (FİDE) 0,5:0,5
Əlireza Firuzca (Fransa) – Santoş Qucrati Vidit (Hindistan) 0,5:0,5
Beləliklə, 14 turda cəmi 3,5 xal toplamış Abbasov sonuncu yeri tutub. Turnirinin qalibi isə 9 xalla Dommaracu Qukeş olub. Hərəyə 8,5 xal toplayan qrossmeysterlərdən Hikaru Nakamura ikinci, Yan Nepomnyaşi üçüncü, Fabiano Karuana isə dördüncü yeri tutub.
Nepomnyaşi turnirdə bir dəfə də uduzmayan (3 qələbə, 11 heç-heçə) yeganə şahmatçıdır.
Yekun turnir cədvəlini təqdim edirik:
Dommaracu Qukeş – 9. Hikaru Nakamura, Yan Nepomnyaşi, Fabiano Karuana – 8,5. Rameşbabu Praqnanandha – 7. Santoş Qucrati Vidit – 6. Əlireza Firuzca – 5. Nicat Abbasov – 3,5.
Xatırladaq ki, Nicat daha öncə Fabiano Karuana, Dommaracu Qukeş, Hikaru Nakamura və Əlireza Firuzcaya da məğlub olmuşdu. Turniri qələbəsiz başa vuran şahmatçımız Yan Nepomnyaşi (2 dəfə), Santoş Qucrati Vidit (2 dəfə), Hikaru Nakamura, Fabiano Karuana və Əlireza Firuzca ilə də heç-heçə edib.
8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan Qukeş hazırkı dünya çempionu Dinq Lirenlə (ÇiN) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edib. Turnirin ümumi mükafat fondu 500 000 avro (təxminən 930 000 manat) təşkil edirdi. Müsabiqənin qalibi 48 000 avro (təxminən 90 000 manat) qazanıb.
Qadınlar arasında İddiaçılar Turnirinin qalibi isə 9 xalla Çin şahmatçısı Tan Çjunyi olub.