Nicat Abbasov Kanadada ardıcıl 3-cü məğlubiyyətə üzüldü

Azərbaycan şahmatçısı Nicat Abbasov Kanadanın Toronto şəhərində təşkil olunmuş İddiaçılar Turnirində növbəti görüşünə çıxıb.

Arena.az xəbər verir ki, 12-ci turda azərbaycanlı qrossmeyster Hindistan təmsilçisi Dommaracu Qukeşlə qarşılaşıb.

Nicat ilk dövrədə məğlub olduğu bu rəqibinə yenə məğlub olub – 0:1.

12-ci turun digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:

Yan Nepomnyaşi (FİDE) – Rameşbabu Praqnanandha (Hindistan) 0,5:0,5
Hikaru Nakamura (ABŞ) – Əlireza Firuzca (Fransa) 1:0
Fabiano Karuana (ABŞ) – Santoş Qucrati Vidit (Hindistan) 1:0

12 turdan sonra hesabında 3 xal olan Abbasov sonuncu pillədə qərarlaşıb. Digər şahmatçıların turnir cədvəlindəki mövqeyi belədir:

Hikaru Nakamura, Yan Nepomnyaşi, Dommaracu Qukeş – 7,5. Fabiano Karuana – 7. Rameşbabu Praqnanandha – 6. Santoş Qucrati Vidit – 5. Əlireza Firuzca – 4,5. Nicat Abbasov – 3.

Xatırladaq ki, Nicat daha öncə Fabiano Karuana, Dommaracu Qukeş, Rameşbabu Praqnanandha, Hikaru Nakamura və Əlireza Firuzcaya da məğlub olmuşdu. Qələbəsi olmayan şahmatçımız Yan Nepomnyaşi (2 dəfə), Hikaru Nakamura, Fabiano Karuana, Əlireza Firuzca və Santoş Viditlə heç-heçə edə bilib.

Abbasov növbəti görüşünü Hindistanın təmsilçisi Rameşbabu Praqnanandhaya qarşı keçirəcək.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan hazırkı dünya çempionu Dinq Lirenlə (ÇiN) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Turnirin ümumi mükafat fondu 500 000 avro (təxminən 930 000 manat) təşkil edir. Müsabiqənin qalibi 48 000 avro (təxminən 90 000 manat) qazanacaq.