Nicat Abbasov Nepomnyaşi ilə yenə “sülh”ə razılaşdı

Azərbaycan şahmatçısı Nicat Abbasov Kanadanın Toronto şəhərində təşkil olunmuş İddiaçılar Turnirində növbəti görüşünə çıxıb.

Arena.az xəbər verir ki, ötən gün bu yarışda ikinci dövrə start götürüb.

Azərbaycanlı şahmatçı 8-ci tur çərçivəsində Yan Nepomnyaşi (FIDE) ilə qarşılaşıb. Qara fiqurlarla oynayan 28 yaşlı qrossmeysterimiz rusiyalı həmkarı ilə heç-heçəyə razılaşıb.

Xatırladaq ki, Nicat Abbasovla Yan Nepomnyaşi arasında 1-ci tura təsadüf edən görüşdə də heç-heçə qeydə alınmışdı – 0,5:0,5.

8-ci turun digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:

Rameşbabu Praqnanandha (Hindistan) – Əlireza Firuzca (Fransa) 0,5:0,5
Santoş Qucrati Vidit (Hindistan) – Dommaracu Qukeş (Hindistan) 0:1
Hikaru Nakamura (ABŞ) – Fabiano Karuana (ABŞ) 1:0

Səkkiz turdan sonra hesabında 2,5 xal olan Nicat Abbasov sonuncu pillədə qərarlaşıb. Turnir cədvəlinə 5 xal toplamış Yan Nepomnyaşi və Dommaracu Qukeş başçılıq edirlər. Hikaru Nakamura və Rameşbabu Praqnanandha 4,5, Fabiano Karuana 4, Santoş Qucrati Vidit 3,5, Əlireza Firuzca isə 3 xal toplayıb.

Xatırladaq ki, Nicat Abbasov daha öncə Hikaru Nakamura və Əlireza Firuzca ilə də heç-heçəyə razılaşmışdı. O, Fabiano Karuana, Dommaracu Qukeş və Rameşbabu Praqnanandha ilə görüşlərdən isə məğlubiyyətlə ayrılıb.

Şahmatçımız növbəti görüşünü bu gün ABŞ təmsilçisi Fabiano Karuanaya qarşı keçirəcək. Abbasov ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan hazırkı dünya çempionu Dinq Lirenlə (ÇiN) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Turnirin ümumi mükafat fondu 500 000 avro (təxminən 930 000 manat) təşkil edir. Müsabiqənin qalibi 48 000 avro (təxminən 90 000 manat) qazanacaq.