Nicat Abbasov Santoş Viditlə yenə “sülh bağladı”

Azərbaycan şahmatçısı Nicat Abbasov Kanadanın Toronto şəhərində təşkil olunmuş İddiaçılar Turnirində növbəti görüşünə çıxıb.

Arena.az xəbər verir ki, 13-cü turda azərbaycanlı qrossmeyster Hindistan təmsilçisi Santoş Qucrati Viditlə qarşılaşıb.

Nicat ilk dövrədə heç-heçə oynadığı bu rəqibi ilə yenə sülh bağlayıb – 0,5:0,5. 28 yaşlı qrossmeysterimiz bu dəfə qara fiqurlarla oynayıb.

13-ci turun digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:

Yan Nepomnyaşi (FİDE) – Hikaru Nakamura (ABŞ) 0,5:0,5
Rameşbabu Praqnanandha (Hindistan) – Fabiano Karuana (ABŞ) 0:1
Dommaracu Qukeş (Hindistan) – Əlireza Firuzca (Fransa) 1:0

13 turdan sonra hesabında 3,5 xal olan Abbasov sonuncu pillədə qərarlaşıb. Digər şahmatçıların turnir cədvəlindəki mövqeyi belədir:

Dommaracu Qukeş – 8,5. Fabiano Karuana, Hikaru Nakamura, Yan Nepomnyaşi – 8. Rameşbabu Praqnanandha – 6. Santoş Qucrati Vidit – 5,5. Əlireza Firuzca – 4,5. Nicat Abbasov – 3,5.

Xatırladaq ki, Nicat daha öncə Fabiano Karuana, Dommaracu Qukeş, Rameşbabu Praqnanandha, Hikaru Nakamura və Əlireza Firuzcaya məğlub olmuşdu. Qələbəsi olmayan şahmatçımız Yan Nepomnyaşi (2 dəfə), Santoş Qucrati Vidit (2 dəfə), Hikaru Nakamura, Fabiano Karuana və Əlireza Firuzca ilə də heç-heçə edib.

Abbasov növbəti görüşünü bu gün Hindistanın digər təmsilçisi Rameşbabu Praqnanandhaya qarşı keçirəcək. Şahmatçımız ağ fiqurlarla oynayacaq.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan hazırkı dünya çempionu Dinq Lirenlə (ÇiN) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Turnirin ümumi mükafat fondu 500 000 avro (təxminən 930 000 manat) təşkil edir. Müsabiqənin qalibi 48 000 avro (təxminən 90 000 manat) qazanacaq.