Azərbaycan boksçusu Nicat Hüseynov İtaliyada təşkil olunmuş Dünya Olimpiya Təsnifat Turnirində növbəti görüşünü keçirib.
Arena.az xəbər verir ki, 51 kq çəkidə mübarizə aparan ikiqat Avropa çempionu İtaliyanın Busto Arsizio şəhərində ermənistanlı Rudolf Qarboyanla döyüşüb.
1/8 final mərhələsi çərçivəsində baş tutan qarşılaşma boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə bitirən Hüseynov yekunda 5:0 (30:26, 29:27, 30:26, 30:26, 30:26) hesabı ilə qalib gəlib.
Nicatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyadan cəmi bir addım ayırır. Ona Fransa paytaxtına vəsiqə üçün martın 11-də keçiriləcək 1/4 final döyüşündə qələbə kifayət edəcək.
Xatırladaq ki, Nicat Hüseynov Qarboyanı ardıcıl ikinci dəfə məğlub edib. O, ötən ilin nöyabrında U-22-lərin Avropa çempionatının finalında da erməni boksçuya qalib gəlmişdi.