Niderland yığması AÇ-2024 ərəfəsində heyətində dəyişikliklər etdi

Niderland yığması qarşıdakı Avropa çempionatı (AÇ-2024) ərəfəsində heyətində dəyişikliklər etmək məcburiyyərində qalıb.

Arena.az bu barədə Niderland yığmasının mətbuat xidmətinə istinadən məlumat verir.

“Atalanta”nın hücumameylli yarımmüdafiəçisi Tyon Kopmeyners zədələnərək, “zanbaqlar”ın düşərgəsini tərk etməli olub:

“Yarımmüdafiəçi dünən İslandiya ilə oyun (4:0) öncəsi isinmə hərəkəti zamanı zədələndiyi üçün yarışda iştirak edə bilməyəcək. Fikirlərimiz səninlədir, Tyon”, – Niderland yığmasının açıqlamasında deyilir.

Həmçinin “Çelsi”nin Dormund “Borussiya”sında icarə əsasında çıxış edən sol cinah müdafiəçisi Yan Matsen Avropa çempionatında iştirakı məqsədilə Niderland yığmasının heyətinə çağırılıb.

Xatırladaq ki, daha əvvəl “Barselona”nın mərkəz yarımmüdafiəçisi Frenki de Yonqun topuq zədəsi səbəbilə “narıncılar”ın düşərgəsini tərk etdiyi məlum olmuşdu.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək və düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. Yarışın oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.

Yarışda Niderland yığması Polşa, Avstriya və Fransa yığmalarının yer aldığı “D” qrupunda mübarizə aparacaq.