Ötən əsrin 70-ci illərinin əfsanəvi Niderland yığmasının keçmiş yarımmüdafiəçisi, total futbolun nümayəndəsi Yohan Neskens vəfat edib.
Arena.az Niderland Kral Futbol İttifaqına (KNVB) istinadən məlumat verir ki, Neskens oktyabrın 6-da 73 yaşında ikən Əlcəzairdə dünyasını dəyişib.
Neskens futbola Niderlandın “Rasinq” (Hemstede) klubunda qədəm qoyub, “Ayaks”, “Barselona” və “Nyu-York Kosmos”da çıxışları ilə tanınıb.
Yohan Neskens 1970-ci ilin noyabrında debüt etdiyi Niderland yığmasının heyətində 49 oyun keçirib, 17 qol vurub, 5 məhsuldar ötürmə verib. Neskens “zanbaqlar”la DÇ-74 və DÇ-78-də finalçı olub. Almaniyada keçirilmiş DÇ-74-də Neskens oyunun 2-ci dəqiqəsində meydan sahiblərinin qapısına penaltidən qol vurmaqla hesabı açsa da, Niderland yığması 1:2 hesabı ilə məğlub olub. Bu qol, dünya çempionatlarının final oyunlarında ən erkən qol kimi tarixə düşüb. Neskens həmçinin AÇ-76-da bürünc mükafatçı olub.



