Nigeriya kilsəsinin rəhbəri Osimheni “Çelsi”yə keçməməyə səslədi

Nigeriyada ruhani təşkilatın qurucusu və lideri, özünü peyğəmbər bilən Elayca Ayodele “Napoli”inin hücumçusu Viktor Osimhenə çağırış edib.

Arena.az ESPN portalına istinadən məlumat verir ki, Ayodele öz həmvətəni olan nigeriyalı hücumçunu “Napoli”dən “Çelsi”yə keçməməyə səsləyib:

“Mən Osimhenə ayaqüstü bir məsləhət vermək istəyirəm. O, “Çelsi”yə getməməlidir, çünki ora getsə, daha parlaq olmayacaq və bu, onun karyerasını məhv edəcək.

Nigeriya Futbol Federasiyası, əgər Osimhen “Çelsi”yə keçərsə, onu yenidən təlim-məşq toplanışına çağırmayın. Onun milli komandaya çağırılması hələ də diqqətlə nəzərdən keçirilməlidir, çünki onsuz biz Dünya Kubokunu və Afrika Millətlər Kubokunu qazanmaq üçün gərək olan hər şeyə sahibik”, deyə qondarma peyğəmbər bildirib.

Xatırladaq ki, Osimhen “Napoli”yə 2020-ci ilin sentyabrında 75 milyon avro müqabilində “Lill”dən keçib. Nigeriyalı hücumçunun Neapol təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

2023/2024-cü illər mövsümündə Osimhen “Napoli”nin heyətində bütün yarışlarda 32 oyuna çıxb, 17 qol vurub, 4 məhsuldar ötürmə verib. Osimhenin “Napoli”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 133 oyun, 76 qol, 18 məhsuldar ötürmə.

Osimhen “Napoli” ilə 2022/2023-cü illər mövsümündə İtaliya A Seriyasının qalibi olub. Həmçinin nigeriyalı hücumçu həmin mövsümdə 26 qolla yarışın ən sərrast futbolçusu və mövsümün oyunçusu adını qazanıb.

Viktor Osimhen 2017-ci ilin iyununda debüt etdiyi Nigeriya yığmasının heyətində 35 oyuna çıxıb, 21 qol vurub, 11 məhsuldar ötürmə verib. Osimhen Nigeriyanın U-17 yığması ilə 2015 Dünya Kubokunun, U-23 yığması ilə 2015 Afrika Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı nigeriyalı hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: