Azərbaycan Premyer Liqasındakı yerini son anda qoruyan “Səbail” müdafiəçisi Nihad Qurbanlı ilə də yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, klub rəhbərliyi Nihad Qurbanlı ilə yolları ayırmaq barədə qərar qəbul edib. Oyunçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.
Nihada xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Xatırladaq ki, Qurbanov 2022-ci ilin sentyabrında “Neftçi”dən azad agent kimi ayrılaraq “Səbail”lə müqavilə imzalamışdı. O, geridə qalan mövsümdə bu komandanın heyətində 15 oyuna çıxıb və 1 məhsuldar ötürmə müəllifi olub.
22 yaşlı futbolçu daha öncə yalnız “Neftçi”nin əvəzedici komandasında çıxış edib. O, Azərbaycan U-19 və U-21 milli komandalarında da oynayıb.
Xatırladaq ki, “Səbail” daha öncə Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk, Ruslan Hacıyev və Mirabdulla Abbasovla da yollarını ayırmışdı. Əvəzində Vüqar Həsənovla yeni müqavilə bağlamış “dənizçilər”, “Kəpəz”dən ayrılan Yusif Nəbiyevlə “Sumqayıt”ı tərk etmiş Süleyman Əhmədovu transfer edib.