Yunan-Roma güləşi üzrə Avropa çempionu Nihat Məmmədli Rumıniyanın paytaxtı Buxarestdə qazandığı uğura münasibətini açıqlayıb.
Arena.az xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə verdiyi açıqlamada bunları qeyd edib:
“Allaha çox şükür edirəm. Əziyyətim yerdə qalmadı. Reytinq turnirində zədə almışdım. Bu səbəbdən Xorvatiyada keçirilən təlim-məşq toplanışından kənarda qaldım. Bakıda həm bərpa prosesi keçdim, həm də bu yarışa hazırlaşdım. Bu da çətinlik yaradırdı. Həm şəxsi, həm də komanda hesabında yaxşı nəticə göstərdik.
Finalın ağır keçəcəyini bilirdim. Çünki rəqibim çox təcrübəli idi. Ancaq bu görüşə yaxşı hazırlaşdığım üçün qələbə qazandım.
Qələbəmi yenicə dünyaya gələn və mənə dayılıq hissini yaşadan bacımın qızı Gülaya həsr edirəm”.
Xatırladaq ki, bu Avropa çempionatında 60 kq çəki dərəcəsində mübarizə aparan Nihat Məmmədli ilk mərhələdə bolqarıstanlı Nedyalko Petrov üzərində inamlı qələbə qazanıb – 7:0. Həmyerlimiz daha sonra danimarkalı Nikolay Mohammadiyə 3:2 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Məmmədli litvalı Justas Petraviçyusu tam üstünlüklə (8:0) məğlub edərək adını yarımfinala yazdırıb. Yarımfinalda rumıniyalı Razvan Arnauta da eyni hesabla vaxtından əvvəl qalib gələn Nihat ilk dəfə böyüklər arasında Avropa çempionatının finalına vəsiqə qazanıb. Məmmədli həlledici görüşdə moldovalı Viktor Çiobanu ilə qarşılaşıb. Gənc güləşçimiz təcrübəli rəqibinə 8:3 hesabıyla qalib gələrək ilk dəfə böyüklər arasında Avropa çempionu olub.
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionatında bütövlükdə 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb. Nihat Məmmədlidən başqa Murad Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq) da birinci olublar. Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) isə üçüncü yeri tutublar.