Almaniyanın “Borussiya” (Dortmund) klubunun mərkəz hücumçusu Niklas Füllkruq bundan sonra “Vest Hem”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Müqavilə “Vest Hem”ə 27 milyon avro məbləğ müqabilində başa gəlib. Füllkruq “çəkicdöyənlər”lə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
“Burada olduğum üçün şadam və yeni komanda yoldaşlarımla meydana çıxmağın intizarındayam. Düşünürəm ki, İngiltərə Premyer Liqası dünyanın ən yaxşı liqasıdır və indi İngiltərəyə köçmək və “Vest Hem” kimi böyük bir klubda oynamaq üçün doğru zamandır”, deyə Füllkruq “çəkicdöyənlər”in düşərgəsinə keçidini şərh edib.
Mərkəz hücumçusu Niklas Füllkruq futbola “Riklingen” klubunda qədəm qoyub. Yeniyetməlik və erkən gənclik illərini Füllkruq “Sportfunde Riklingen” və “Verder”də keçirib, elə, “musiqiçilər”in heyətində də böyük futbolda debüt edib. Ardınca Füllkruq “Qroyter Fürt”, “Nürnberq”, “Hannover” və Dortmund “Borussiya”sında çıxış edib.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Füllkruq “Borussiya”nın heyətində bütün yarışlarda 43 oyuna çıxıb, 15 qol vurub və 10 məhsuldar ötürmə verib.
Niklas Füllkruq 2022-ci ilin noyabrında debüt etdiyi Almaniya yığmasının heyətində keçirdiyi 21 oyuna 13 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Niklas Füllkruq böyük futbolda komanda səviyyəsində heç bir qənimət qazanmayıb, amma fərdi uğura imza atıb. Füllkruq 2022/2023-cü illər mövsümündə 16 qolla Almaniya Bundesliqasının ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 31 yaşlı alman hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.
