Bilbao “Atletik”inin və İspaniya yığma komandasının cinah hücumçusu Niko Uilyams gələcəyi ilə bağlı sualı cavablayıb.
Arena.az ispan futbolçunun bu barədə cavabını təqdim edir:
“Hazırda gələcəyim haqqında düşünmürəm. Mən “Atletik”də xoşbəxtəm, azarkeşlər də bundan məmnundurlar. Bilbao mənim evimdir. Mən burada həyatdan zövq alıram. Mən “Atletik”i ən yüksək səviyyəyə çatdırmaq istəyirəm. Əsas arzum “San-Mames”də final oynamaqdır”, deyə Uilyams bildirib.
Niko Uilyams Bilbao “Atletik”inin futbol akademiyasının yetirməsidir. Hücumçu 2021-ci ilin iyulundan əsas komandada çıxış edir.
Cari mövsümdə Uilyams “Atletik” üçün 9 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Onun “Atletik”dəki karyerası ümumilikdə 131 oyun, 21 qol və 27 məhsuldar ötürmədən ibarətdir.
Nikolas Uilyams 2022-ci ilin sentyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 22 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə verib. Gənc hücumçu İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
Niko Uilyamsın qənimətlər muzeyində 2023/2024-cü illər mövsümündə “Atletik”lə qazandığı İspaniya Kral Kuboku da var.
“Transfermarkt” internet portalı 22 yaşlı ispaniyalı vingerin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.


