“Roma”nın polyak yarımmüdafiəçisi Nikola Zalevski hazırda jurnalist Fabrisio Koronaya qarşı məhkəmə iddiası qaldırmağı düşünür.
Arena.az bu barədə “La Gazzetta dello Sport” nəşrinə istinadən məlumar verir.
Mənbənin məlumatına görə, hələ də qeyri-qanuni mərc oyunlarında şübhəli şəxs kimi rəsmən qeyd edilməyən Nikola Zalevski, bu məsələdə “Roma” tərəfindən zərərçəkmiş qismində vəkillə təmin edilib. Paytaxt klubu futbolçusunun hüquqlarının qorunmasında maraqlıdır. Eyni zamanda, Turin və Federal Prokurorluq Zalevskiyə qarşı rəsmi ittiham irəli sürərsə, “Roma” bu məsələdə futbolçusunun müdafiəsini dayandıracağını vurğulayıb.
Xatırladaq ki, daha əvvəl jurnalist Fabrisio Korona italyan futbolçular Sandro Tonali, Nikolo Zaniolo və Nikolo Facolinin qeyri-qanuni mərc qoyuluşlarını təsdiqləyən dəlillərə malik olduğunu bildirmişdi. Daha sonra Korona öz saytında Zalevskinin də qeyri-qanuni mərc platformalarında idman oyunlarına qoyuluşlar etdiyini bildirib.
Hazırda Korona bu məsələyə dair polislə əməkdaşlıq etməkdə davam edir.