Futbol üzrə Seneqal yığma komandasının hücumçusu Nikolas Cekson İngiltərənin “Çelsi” klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az bu barədə London klubunun rəsmi saytına istinadən xəbər verir.
23 yaşlı forvardla 9 illik müqavilə imzalanıb. Yeni müqaviləyə əsasən, Cekson 2033-cü ilin 30 iyununa qədər London klubunun uğurları üçün çalışmağa davam edəcək. Onun əvvəlki sözləşməsinin müddəti 2031-ci ilin yayında başa çatacaqdı.
Xatırladaq ki, “Çelsi” Nikolas Ceksonu 2023-cü ilin yayında İspaniyanın “Vilyarreal” klubundan 37 milyon avro müqabilində heyətinə cəlb edib. Seneqallı forvard indiyə qədər “zadəganlar”la 48 oyuna çıxıb, 19 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.
Nikolas Cekson “Vilyarreal”ın yetirməsidir. O, bir ara “Mirandes”də icarədə də olub. Hücumçu “Vilyarreal”da bütövlükdə 48 oyun keçirib, 13 qol və 6 assistlə yadda qalıb.
23 yaşlı futbolçu 2022-ci ilin noyabr ayında debüt etdiyi Seneqal yığmasında 15 oyun keçirib, 2 assistlə yadda qalıb.