Nikolas Qonsales də həftənin ən yaxşı oyunçusu elan edildi

İtaliyanın “Fiorentina” komandasının yarımmüdafiəçisi Nikolas Qonsales Avropa Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu seçilib. Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bu həftə baş tutan yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına dörd namizəd var idi: Nikolas Qonsales, Kristiano Biraqi (hər ikisi “Fiorentina”, İtaliya), Deklan Rays (“Vest Hem”, İngiltərə) və Ticani Reynders (“Alkmaar”, Niderland).

UEFA-nın rəsmi saytına azarkeşlər arasında keçirilən səsvermənin yekununda argentinalı yarımmüdafiəçi hamını qabaqlayıb. O, buna İsveçrə “Bazel”inə səfərdə 3:1 hesabıyla qalib gəldikləri matçda dubla imza atmaqla nail olub.

Qonsalesin komandası isə bu oyunda 3:1 hesablı qələbə qazanmaqla Avropa Konfrans Liqasının finalına yüksəlib. Bu komandalar arasında Florensiyada baş tutan ilk oyunda İtaliya təmsilçisi 1:2 hesabıyla məğlub olmuşdu.

“Fiorentina” Avropa Liqasının finalında İngiltərənin “Vest Hem” komandası ilə qarşılaşacaq. Bu komandalar arasındakı həlledici qarşılaşma iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı “Fortuna Arena”da keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Sonda onu da xatırladaq ki, Nikolas Qonsales 2021-ci ilin iyul ayında Almaniyanın “Ştutqart” klubundan 24.50 milyon avro qarşılığında “Fiorentina”ya keçib. 25 yaşlı sol cinah vingeri indiyə qədər A Seriyası təmsilçisinin heyətində 78 oyuna çıxıb, 20 qol vurub, 13 asistlə yadda qalıb.

Argentinalı futbolçu daha öncə “Ştutqart” (79 oyun, 23 qol, 10 asist) və “Argentinos Xuniors” (47 oyun, 11 qol, 1 asist) klublarının da formasını geyinib. O, Argentina millisində də 22 oyun keçirib, 4 qol vurub.