Nikolas Zayvald “Zalsburq”u “Leypsiq”ə dəyişdi

Futbol üzrə Avstriya milli komandasının yarımmüdafiəçisi Nikolas ZayvaldZalsburq”u Almaniyanın “Leypsiq” klubuna dəyişib. Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. Amma o, “Leypsiq”ə bu mövsüm başa çatandan sonra, 2023-cü ilin yayında qoşulacaq və 2028-ci ilin 30 iyununa kimi Bundesliqa klubunun uğurları üçün çalışacaq. Həm Almaniya, həm də Avstriya klubu eyni şirkət tərəfindən idarə olunduğu üçün, bu transferin maddi detalları açıqlanmır.

Nikolas Zayvald Avstriyanın “Liferinq” klubunun yetirməsidir. O, 2020-ci ilin avqust ayından “Zalsburq”un uğurları üçün çalışırdı. Gənc futbolçu bu komandanın heyətində 95 oyuna çıxıb, 3 qol və 14 məhsuldar ötürmə müəllifi olub. Avstriyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış yarımmüdafiəçi, 2021-ci ilin noyabrından əsas millidə forma geyinir. O, ölkəsinin əsas yığmasında 10 oyun keçirib.

“Leypsiq” gənc yarımmüdafiəçisi Huqo Novoa Ramosu da İsveçrənin “Bazel” klubuna icarəyə verib. 20 yaşlı futbolçunun bu mövsümün sonuna kimi icarədə oynayacağı bildirilir.

“Deportivo”nun yetirməsi olan Huqo Novoa 2021-ci ildən “Leypsiq”in əsas komandasında forma geyinir. İspaniyadan olan 20 yaşlı vinger bu klubun əsas komandasında 23 oyuna çıxıb, 2 qol da vurub. İspaniyanın U-16, U-17 və U-19 yığmalarında da oynamış futbolçu, hazırda gənclərdən ibarət millidə forma geyinir.