Nikolo Facoli: “Yuventus”un məndən qurtulacağından qorxurdum”

“Yuventus”un italyan mərkəz yarımmüdafiəçisi Nikolo Facoli qanunsuz mərc qoyuluşlarına görə aldığı 7 aylıq cəzadan danışıb.

Arena.az jurnalist Nikolo Skiraya istinadən, Facolinin bu barədə fikirlərini təqdim edir:

“Hər şey çox asudə vaxtla əlaqəli cansıxıcılıqdan başladı. Əvvəlcə bu, sadəcə oyun idi, sonra isə xəstəliyə çevrildi. Əlbətdə ki, beş ay ərzində bundan xilas ola bilməzsən, amma bu fəsada həmişəlik olaraq son qoymağa çalışacağam.

Mənim cəzam mayın 18-də başa çatacaq, ona görə də ümidvaram ki, mayın 26-da “Montsa” ilə oynayacağam. “Yuventus”un məndən qurtulacağından qorxurdum, amma klubum dəstək verdi”, deyə Facoli bildirib.

Xatırladaq ki, “Yuventus” 23 yaşlı gənc futbolçusu ilə 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş yeni müqavilə imzalayıb. Yarımmüdafiəçinin əvvəlki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu. “Yuventus”un Facoli ilə yeni müqavilə bağlamasının gənc futbolçusuna dəstək xüsusiyyəti daşıdığı vurğulanır.

Nikolo Facoli “Pyaçentsa”, “Kremoneze” və “Yuventus” klublarında yetişib. Nikolo 2021-ci ilin yanvarından turinlilərin əsas komandasında çıxış edir. 2021/2022 mövsümünü Facoli “Kremoneze”də icarədə keçirərək, yenidən “Qoca sinyora”nın düşərgəsinə qayıdıb.

Cari mövsümdə Facoli “byankoneri”nin heyətində bütün yarışlarda 6 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib. Nikolo Turin təmsilçisinin heyətində ümumilikə 45 oyun keçirib, 3 qola və 6 məhsuldar ötürməyə imza atıb.

Facoli 2022-ci ilin noyabrında İtaliya yığmasının heyətində debüt edib, meydanda 13 dəqiqə keçirib.

Xatırladaq ki, italyan futbolçu qanunsuz mərc oyunlarında pul qoyuluşu təsdiqləndikdən sonra 7 ay müddətinə diskvalifikasiyaya məruz qalıb. Facoli qanunsuz qumar oynadığına görə ciddi cəzadan yayınmaq üçün məhkəməyə müraciət etmişdi. Bundan əlavə, Facolinin agenti futbolçunun qumar asılılığından əziyyət çəkdiyini və tezliklə lazımi müalicədən keçəcəyini bildirmişdi. Həmçinin Facoli bu məsələdə istintaqla əməkdaşlıq edib. Bu səbəbdən də Nikolonun cəzası yüngül olub. Əks halda Facoli daha ağır cəzalarla üzləşə bilərdi.

“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.