“Nitsa” Beka Beka ilə bağlı vəziyyətə dair açıqlama verdi

“Nitsa” klubu komandanın yarımmüdafiəçisi Aleksis Beka-Beka ilə bağlı yaranmış fövqəladə vəziyyətlə bağlı açıqlama verib.

Arena.az “Instant Foot” dərgisinə istinadən məlumat verir ki, “Nitsa” hadisə ilə əlaqədar yayılmış əsassız şayiələri təkzib edib.

Xatırladaq ki, Beka Beka Nitsa magistralının üzərində qurulmuş körpünün kənarına çıxaraq intiharla hədələyib. Hərbçilərin rəhbərlik etdiyi əməliyyatda polis və psixoloqun ciddi səyləri nəticəsində Aleksisi intihardan daşındırmaq mümkün olub.

“Sevgi ayrılığı ilə bağlı əhvalat yalandır, bunun baş verənlərlə heç bir əlaqəsi yoxdur və tamamilə məzmundan qoparılıb.
Biz artıq bu əhvalatı şərh etməyəcəyik”, – “Nitsa”nın bəyanatında bildirilir.

Hazırda Aleksis Beka Beka təhlükəsizlikdə və güvəndədir.

Konqoəsilli fransalı futbolçu “Nitsa”ya 2022-ci ilin avqustunda 12 milyon avro müqabilində Moskva “Lokomotiv”indən keçib. Dayaq yarımmüdafiəçisinin transfer qiyməti təxmin edilən bazar qiymətindən dördqat baha olub. “Nitsa” Beka Beka ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Bu müddətdə Beka Beka “Nitsa”nın heəytində 22 oyuna çıxıb, 1 qol vurub. “Dayaqçı” cari mövsümdə heç bir oyun keçirməyib. Həmçinin yarımmüdafiəçi futbolda hələlik heç bir qənimət qazanmayıb.

Beka Beka perspektivli dayaq yarımmüdafiəçisi hesab edilir. Aleksis Fransanın Olimpiya yığmasına, həmçinin aşağı yaş qrupları üzrə bütün yığmalarına – U-17, U-18, U-19, U-20, U-21, U-23 – dəvət alıb. Beka Beka U-20 və U-21 yığmalarında oyun keçirməyib, amma digər kollektivlərin heyətində oyun təcrübəsi var. “Dayaqçı” “xoruzlar”ın əsas yığmasında hələ debüt etməyib.

“Transfermarkt” internet-portalı 22 yaşlı Aleksis Beka Bekanı 4,5 milyon avro məbləğində qiymətləndirir.