“Nitsa”nın intihar etmək istəyən futbolçusu xilas edildi

“Nitsa”nın konqoəsilli fransalı dayaq yarımmüdafiəçisi Aleksis Beka Beka psixoloqlar və polisin səyi ilə intihardan xilas edilib.

Arena.az xəbər verir ki, Beka Beka intihar məqsədilə çıxdığı körpünün kənarından geri çəkilib və hazırda təhlükəsizlikdə və güvəndədir.

Xatırladaq ki, bu gün Aleksis Beka Beka Nitsa magistralının üzərində yerləşən Manyan körpüsününü kənarına çıxaraq, həyatını intiharla bitirəcəyi ilə hədələməyə başlayıb. Hadisə yerinə cəlb edilmiş Fransa polisi və fövqəladə hallar üzrə xüsusi xidmət dəstəsi birlikdə, körpünün üstündə futbolçunu intihardan daşındırmağa cəhd ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları futbolçu ilə danışıqlar aparıblar, onun xilas edilməsi əməliyyatına isə hərbçilər rəhbərlik ediblər. Mənbənin məlumatına görə, hadisədən xəbərdar olan kimi, “Nitsa” fövqəladə hadisə yerinə psixoloq göndərib. Xilasetmə tədbiri zamanı yol xidmətləri körpünün altından keçən magistral yolu bağlayıblar. Bu isə beş kilometrlik tıxacın yaranmasına səbəb olub.
Futbolçunun intihara cəhd etməsinin səbəbləri və hadisənin daha incə təfərrüatı açıqlanmır. “Nitsa”nın hadisə ilə bağlı ilkin açıqlama verəcəyəi gözlənilir.

Aleksis Beka Beka “Nitsa”ya 2022-ci ilin avqustunda 12 milyon avro müqabilində Moskva “Lokomotiv”indən keçib. Dayaq yarımmüdafiəçisinin transfer qiyməti təxmin edilən bazar qiymətindən dördqat baha olub. “Nitsa” Beka Beka ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Bu müddətdə Beka Beka “Nitsa”nın heəytində 22 oyuna çıxıb, 1 qol vurub. “Dayaqçı” cari mövsümdə heç bir oyun keçirməyib.
Həmçinin yarımmüdafiəçi futbolda hələlik heç bir qənimət qazanmayıb.

Beka Beka perspektivli dayaq yarımmüdafiəçisi hesab edilir. Aleksis Fransanın Olimpiya yığmasınıa, həmçinin aşağı yaş qrupları üzrə bütün yığmalarına – U-17, U-18, U-19, U-20, U-21, U-23 – dəvət alıb. Beka Beka U-20 və U-21 yığmalarında oyun keçirməyib, amma digər kollektivlərin heyətində oyun təcrübəsi var. “Dayaqçı” “xoruzlar”ın əsas yığmasında hələ debüt etməyib.

“Transfermarkt” internet-portalı 22 yaşlı Aleksis Beka Bekanı 4,5 milyon avro məbləğində qiymətləndirir.